Fermerlər üçün məlumat
Bitkilərə lazım olan qida maddələri və karbon qazı torpaqdan və havadan ancaq su ilə daxil olur və bitkidə kökdən yarpağa, yarpaqdan kökə doğru yerini dəyişir.
Müxtəlif bitkilərin toxumlarının cücərməsi üçün onların şişməsinə sərf etdiyi və vegetasiya müddətində üzvi kütləsini əmələ gətirmək üçün tələb etdiyi suyun miqdarı eyni olmur. Hər hansı bitkinin suya olan tələbatı, inkişaf fazalarından asılı olaraq dəyişir. Bitkilərin inkişaf prosesində bir qram quru maddə yaratmaqdan ötrü 200-1000 q su sərf olunur.
Bitkilərin suya ən çox tələbat göstərdikləri müddətlər böhran dövrü adlanır. Başqa dövrlərdə bitkilər su ilə tam təmin olunsa da, böhran dövrü su çatışmadıqda məhsuldarlıq kəskin azalır. Böhran dövrü buğda, arpa və çovdarda - boruya çıxma, sünbülləmə; qarğıdalıda - çiçəkləmə, sütül yetişmə, kartofda - çiçəkləmə, yumruların əmələ gəlməsi; pambıqda - çiçəkləmə, qoza əmələ gəlmə; pomidorda - meyvə əmələ gəlmə, yetişmə, digər bostan bitkilərində isə - yetişmə fazalarında olur.