Aqremeteorologiya
Respublika ərazisinin kənd təsərrüfatı üçün əhəmiyyətli 41 stansiya və məntəqəni əhatə bütün regionlarında aqrometeoroloji müşahidələr aparılır. Bu müşahidələr havanın orta, maksimal, minimal temperaturları, torpaq səthinin və müxtəlif dərinliyinin temperaturları, torpağın rütubətliyi, yağıntının gündəlik və dekadalıq miqdarı, küləyin sürəti, nisbi rütubətlik, qarın vəziyyəti kimi meteoroloji göstəricilər üzərində aparılır. Əldə olunan məlumatların təhlili nəticəsində yazda havanin orta sutkalıq temperaturunun 0°,5°,10°,15°- dən keçmə tarixləri və həmin temperaturların cəmi, şaxtasız dövrün başlanması və bitməsi, quraq günlərin sayı, ən isti ayda havanın orta temperaturu, havanın mütləq minimum temperaturlarının orta kəmiyyəti, qar örtüyünün maksimimum hündürlüyü, qar örtüyünün yaranma tarixləri təyin edilir.
Kənd təsərrüfatı bitkilərinin vegetasiyası dövründə meyvə və tərəvəz, buğda, arpa, pambıq, qarğıdalı, üzüm, çay bitkilərinin səpin dövründən yetişməyə qədər olan bütün inkişaf mərhələləri və onların vəziyyəti qiymətləndirilir, sahələrdə yerinə yetirilmiş aqrotexniki tədbirlər ilə bağlı qeydlər aparılır. Cəfərxan, Sabirabad, İmişli, Zərdab, Biləsuvar, Göytəpə, Bərdə, Tərtər, Naftalan, Salyan, Göyçay, Beyləqan, Kürdəmir, Oğuz, Şəki, Zaqatala, Qəbələ, Quba, İsmayıllı, Şamaxı, Mərəzə, Qaraçala, Gəncə, Tovuz rayonunun buğda və arpa sahələrində aparılan müşahidə və müayinələr nəticəsində bitkilərin faktiki inkişaf fazası, hündürlüyü, 1m² sahəyə düşən bitkilərin sayı, 1m² sahədə və bir bitkidə gövdələrin sayı, bitkilərin sıxlığı, əkinin və kök sisteminin ümumi vəziyyəti, bitkilərin zədələnmə və ya məhv olma səbəbləri təyin edilir. Şəmkir, Qazax və Gəncə ərazisində üzüm, pambıq və yonca sahələrindən götürülmüş torpaq nümunələri əsasında 10, 20, 50, 100 sm dərinlikdə torpağın məhsuldar rütubət ehtiyatları hesablanır.
Qey olunan aqrometeoroloji məlumatların kənd təsərrüfatı bitkilərinin səpin vaxtının təyin edilməsində, vegetasiya müddətində temperatur və yağıntının miqdarına əsasən suvarılma normasının tənzimlənməsində, aqrotexniki tədbirlərin və yığım vaxtının təyin edilməsində vacib olduğunu nəzərə alaraq kənd təsərrüfatı ilə bağlı qurumlar və fermerlər üçün Aqrometeoroloji bülletenlər və icmallar hazırlanır.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” nin 7.1.2. bəndi üzrə aqrometeoroloji məlumat bazası üzrə fəaliyyətin genişləndirilməsi məqsədi ilə Milli Hidrometeorologiya Xidmətinin yeni strukturunda Aqrometeorologiya mərkəzi yaradılmış, Respublikanın kənd təsərrüfatında vacib yer tutan bir sıra bölgələrimizdə - Quba, Şamaxı, Qəbələ, Gəncə, Yevlax, İmişli, Cəfərxan, Göytəpə və Lənkəranda aqrometeoroloji stansiyaların açılması istiqamətində işlər aparılmışdır.