Xəzər dənizi
Xəzər dənizi dünyada ən böyük göl hesab olunur. Xəzər dənizinin sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir. 2001-ci ilin ölçmələrinə əsasən, Xəzərin suyunun səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır. Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Dənizin səviyyəsi həm də aylar üzrə dəyişmələrə məruz qalır, onun qiyməti 30-40 sm intervalında dəyişir. Xəzər dənizinin səthinin sahəsi 370 000 km²-dən çoxdur, bu göstərici daim olaraq dəyişir. Dənizin sahəsinin dəyişmə diapazonu 10%-lə 20% arasındadır. Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa çayı tutur. Xəzərə çaylardan tökülən su kütləsinin 90%-i üç çayın payına düşür. Volqa (80%), Kür (6%) və Ural çayı (5%). Terek, Sulak, Samur çayları ümumilikdə Xəzərə tökülən suyun 5%-ni, yerdə qalan suyu isə İranın xırda çayları gətirir. Xəzər dənizinin şərq sahilindən heç bir çay dənizə tökülmür.
Xəzər dənizinin Azərbaycan akvatoriyasina aid olan hissəsində 4 stansiya və 7 məntəqədə dəniz hidrometeoroloji müşahidələri aparılır. Bura Nabran qəsəbəsindən Lənkəran şəhərinə qədər olan sahil xətti, Abşeron yarımadası ətrafında yerləşən adalar və estakadalar, həmçinin Respublikamıza aid olan açıq dəniz akvatoriyası aiddir. Aşağıda qeyd olunan stansiya və məntəqələrdə dənizin səviyyəsi, suyun temperaturu, duzluluq, şəffaflıq, dalğalanma, havanın temperaturu, nisbi rütubət, yağıntı, külək, buludluluq, görünüş məsafəsi və atmosfer təzyiqi üzərində operativ hidrometeoroloji müşahidələr aparılır.
Xəzər dənizində səviyyə üzərində ilkin instrumental müşahidələr 1837-ci ildən Bakı məntəqəsində başlamış və bu günə qədər davam etdirilir. Bakı dəniz hidrometeoroloji məntəqəsində hidrometeoroloji paramertlər üzərində müşahidələr dənizin 3-5 m dərinliyində aparılır.
Neft Daşları ixtisaslaşmış hidrometeoroloji stansiyası sahildən 100 km məsafədə estakada üzərində yerləşir və 1948-ci ildə təşkil edilmiş, 1953-cu ildən hidrometeoroloji stansiya kimi fəaliyyət göstərir. Müşahidələrin aparıldığı yerdə dənizin dərinliyi 18 m təşkil edir.
Çilov adası dəniz hidrometeoroloji stansiyası 1923-cu ildə açılaraq qısa proqramla işləyiş, 1951-ci ildən isə tam fəaliyyətə başlamışdır. Müşahidələr dənizin 1,5 m dərinliyində aparılır.
Nabran hidrometeorloji stansiyası Xəzərin şimal sahilində yerləşir və 1985-ci ildən hidrometeoroloji müşahidələr aparılır. Müşahidələrin aparıldığı yerdə dənizin dərinliyi 1 m təşkil edir.
Sumqayıt hidrometeorloji stansiyası Sumqayıt şəhərinin şimalında dənizin sahilində yerləşir. 1948-ci ildən fəaliyyət göstərən hidrometeoroloji stansiyada müşahidələr dənizin 3,5-4 m dərinliyində aparılır.
Qızılburun dəniz hidrometeoroloji məntəqəsi 1936-ci ildən fəaliyyət göstərir. Müşahidələr dənizin 5 m dərinliyində aparılır.
28 May dəniz hidrometeoroloji məntəqəsi Neft Daşlarından 25 km şərqdə yerləşir və 2004-cu ildən fəaliyyət göstərir. Müşahidə aparılan yerdə dənizin dərinliyi 100 m təşkil edir.
Banka darvin dəniz hidrometeoroloji məntəqəsi 1956-ci ildə fəaliyyətə başlamışdır. Pirallahı adasından 12-15 km məsafədə estakadada yerləşir. Müşahidə aparılan yerdə dənizin dərinliyi 7 m təşkil edir.
Qum adası dəniz hidrometeoroloji məntəqəsi 1958-ci ildən fəaliyyət göstərir. Müşahidələr dənizin 9 m dərinliyində aparılır.
Xərə-Zirə dəniz hidrometeoroloji məntəqəsi 1959-cu ildən fəaliyyət göstərir. Müşahidələr dənizin 9 m dərinliyində aparılır.
Xəzər dəniz hidrometeoroloji məntəqəsi cənub sahillərində yerləşən məntəqə 1993-cü ildən fəaliyyət göstərir. Müşahidə aparılan yerdə dənizin dərinliyi 0,5 m təşkil edir.