Göllər və Su anbarları

Göllər

Azərbaycanda yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar və s. təşkil edir.
Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür.
Mənşəyinə görə Respublikada 7 tip göl müşahidə edilir:
  • buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
  • subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
  • bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
  • laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.);
  • karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər);
  • sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdımançay və s. çayların hövzələrində yerləşirlər);
  • relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdaxanı, Qanlıgöl və s.).
Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Dəmiraparançayın hövzəsində və 3277 m yüksəklikdə yerləşən Tufangöl (sahəsi 0,01 km2, həcmi 0,11 mln. m3) Respublikanın ən yüksək dağlıq gölüdür. Respublikanın ən mənzərəli göllərindən biri məşhur Göygöl gölüdür. Göl 1139-cu ildə güclü zəlzələdən sonra Ağsuçayın orta axınında əmələ gəlib.
Göygöl

Su anbarları

Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan 6 əsas böyük su anbarları bunlardır:, Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan və Sərsəng su anbarlarıdır. Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar.
Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir.

Çaylar

Kür çayı (Sabirabad rayonu ərazisi)
Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz çayı Türkiyənin ərazisindən axır, həmçinin Türkiyə ilə Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km2-dir, Azərbaycanda bu sahənin 18740 km2 və ya 18%-i yerləşir.
Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.
Respublikanın çay sistemi üç qrup çaylardan ibarətdir: transsərhəd, sərhəd və yerli çaylar. Transsərhəd (iki və ya bir neçə ölkənin ərazisindən axan) çaylara Kür, Qanıx (Alazan), Qabırrı (İori), Xrami, Arpaçay və s. çaylar aiddir. Sərhəd (iki və ya bir necə ölkə arasında həmsərhəd olan) çaylara Araz, Samur, Bolqarçay və s. aiddir. Yerli çaylar Respublikanın ərazisində formalaşır və axırlar.
Respublikanın yerli çayları dağ çaylarıdır. Bu çaylar gur axınla (daşqın vaxtı axının sürəti 3-6 m/s-yə çatır), böyük orta meylliklərlə (15-150‰) xarakterizə olunurlar.
Respublikanın yerli çaylarına aşağıdakılar aiddir: Böyük Qafqazın cənub yamacından axan dağ çayları (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Turyançay, Göyçay, Girdımançay və s.) Kür çayının sol qollarıdır, şimal-şərq yamacından axan (Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay və s.) və Qobustan çayları (Sumqayıtçay, Pirsaat və s.) Xəzər dənizinə birbaşa tökülən çaylardır. Kiçik Qafqazın şimal-şərq yamacından axan (Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay və s.), Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.) və Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar Araz çayının sol qollarıdır.
Lənkəran vilayətinin çayları (Viləşçay, Lənkərançay, Təngərüçay, Astaraçay və s.) birbaşa Xəzər dənizinə tökülən çaylardır.

Buzlaqlar

Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur. Burada buzlaqlar qar xəttinin yüksək olduğu və onların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrdə və həmin zirvələrin yamaclarında saxlanılmışdır. Morfoloji tipinə görə Respublikanın dağ buzlaqları iki əsas tipə bölünürlər:
  1. Dağ yamaclarının buzlaqları (kar,asılı kar, asılı buzlaqlar)
  2. Dağ zirvələrinin buzlaqları (yastı zirvə buzlaqları)
Birinci tip buzlaqlar Baş Qafqaz silsiləsinin Bazardüzü, Bazaryurd, Tufan və başqa zirvələrinin yamajlarında , ikinci tip buzlaqlar isə Yan silsiləsinin Şahdağ zirvəsində müşahidə olunur.
Tufandağ buzlaqlarının görünüşü